Layihə haqqında

AFAQ “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən layihədir.

Rəsmi statistikaya görə, Azərbaycanda kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahəsində çalışan qadınlar əhalinin ümumi sayının 21%-ni təşkil edir. Aqrar sahədə çalışan qadınlar gender bərabərsizliyi səbəbi ilə yaranan çətinliklər; sosial xidmətlərə, maliyyə və istehsal resurslarına (toxum, gübrə, pestisid, texnika və s.) çıxış imkanlarının zəif olması; qeyri-formal məşğulluq; üçqat artıq iş yükü; əkin və yetişdirmə üzrə metodoloji məlumatların kifayət qədər olmaması kimi bir sıra problemlərlə üzləşirlər.

Bu nöqteyi-nəzərdən layihənin əsas məqsədi fermer qadınların kənd təsərrüfatı sahəsində informasiya, bilik və bazarlara çıxış imkanlarının yaxşılaşdırılması, onların kənd təsərrüfatında biznes qurmağa, idarə etməyə və sahibkarlığa təşviq edilməsi, kənd təsərrüfatı sahəsində qadınlar tərəfindən idarə olunan təsərrüfatların sayının artırılmasıdır.  Layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlər qadınların kənd təsərrüfatında sahibkar kimi formalaşmasını dəstəkləyəcək, bunun üçün lazımi informasiya və texniki dəstək göstəriləcəkdir.